Ədalət Məmmədov
Memar

Mən, Məmmədov Ədalət Eyvaz oğlu Respublikanın əməkdar bərpaçı memarı 1980 – 1992 – ci illərdə Qarabağ ərazisində tarix - memarlıq  və mədəniyyət abidələrinin pasportlaşması və bir çoxunun bərpa layihələrini işləmişik.  Xüsusilə Şuşa memarlıq qoruğundakı abidələrin  tam pasportlaşması və bərpa layihəsini rəhbərlik etdiyim emarlar qrupu ilə hazırlamışıq.  Şuşadakı Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Üzeyir bəyin ev muzeyi, Şükür Mirsiyaboğlu karvansarası, Köçərilər məscidi, Şirin su hamam kompleksi və sairə memarlıq abidələrinin tam bərpa layihələrini işləmişəm. Ağdamdakı Cümə məscidi, Xaçındərbəndli məqbərəsi, İmarət kompleksi və Papravənd türbələrinin bərpa layihələrini hazırlamış və istehsalat işlərində yaxından iştirak etmişik. Ağdərə və Xocavənd rayonları ərazisindəki Alban məbədlərinin də pasportlaşması işlərini icra etmişik.Müstəqillik dövrlərində isə Gəncədəki İmamzadə kompleksi, Bərdədə Allah – Allah türbəsi, Naxçıvanda Qarabağlar türbə kompleksi, Gəncədə Şah Abbas və Uğurlu xan karvansaraları, Qazaxda Sınıq körpü və sairə abidələrin bərpa layihələrini işləmişik.

Vətən müharibəsi nəticəsində azad olunmuş torpaqlarımızdakı tarix – memarlıq abidələrinin bərpa – konservasiya işlərində hər bir Azərbaycanlı kimi biz də iştirak etmək istərdik. Ümidvarıq ki, quruculuq işlərində bizim təcrübəmizi nəzərə alacaqsınız.

Ölkəmizdə müstəqillik dövründə bir çox dini məbədlərin bərpası ilə yanaşı olaraq müasir tipli məscidlərin tikintisində rəhbərlik etdiyim memarlar qrupu yaxından iştirak etmişdir. Gəncədə İmamzadə kompleksindəki məscidlər, Yasamal rayonu ərazisində Hacı Cavad məscidi, Yeni Günəşlidə inşa edilən Fatimeyi Zəhra məscidi, Təzə pir və Əjdərbəy məscidlərinin bərpa – yenidənqurma işləri,ən nəhayətdə Binəqədi rayonu ərazisindəki Heydər məscidinin layihələndirilməsi və tikintisində yaxından iştirak etmişik. Rəhbərlik etdiyim memarlar adından işğaldan azad olunmuş Ağdam şəhəri ərazisində bərpa olunacaq Cümə məscidindən əlavə olaraq, müasir tələblərə cavab verən və əzəmətli məscidin eskiz layihəsini sizə təqdim etmək istəyirəm. Şəhərin cənub – qərb tərəfində ( Xankəndi istiqamətində) layihələndirdiyimiz  bu məscid dörd minarəli olaraq hər minarəsinin hündürlüyü 92 m nəzərdə tutmuşdur. Çoxgünbəzli olan bu məscidin böyük günbəzinin hündürlüyü 66 m – dir. Şəhərin cənub – qərbində yerləşdirilməsində məqsəd gələcəkdə bərpa olunacaq şəhərin binalarının hündürlüyündən asılı olmayaraq, hətta Şuşadan baxıldıqda məscidin minarələri və günbəzi görünəcək. Füzuli, Xankəndi, Xocavənd, Ağdərə, Tərtər və Bərdə şəhərləri ərazisindən tikiləcək məscidin minarələrini görmək mümkün olacaq. Təklif etdiyimiz məscid 5000 nəfərlik nəzərdə tutulub. Yerli Şahbulaq daşından və ağ mərmərdən tikilməsini nəzərdə tutduğumuz bu məscidin minarələrində yerli məscid tikinti ən - ənələrinə uyğun olaraq kaşılı kərpiclərdən də istifadə etmək olar.